Mərhumun böyük qardaşı da 1 il 6 ay əvvəl Rusiyada öldürülüb
Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb.
Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.
Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.
Gəncə şəhər prokuroru vəzifəsinə Fazil Həsənəliyev təyinat alıb
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.
APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar.
Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib
Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bayramlar ərəfəsində paytaxtın əsas küçə və prospektlərində tıxac müşahidə olunur. Tıxac əsasən Nobel prospektində, Tbilisi prospektindən 20 yanvar dairəsi istiqamətində və Bülbül prospektində yaranıb.
Bundan əlavə, paytaxtın Yusif Səfərov, Zərifə Əliyeva küçələrindən şəhər istiqamətində, Mikayıl Useynov küçəsindən Azneft dairəsi istiqamətində, Əziz Əliyev küçəsində, Üzeyir Hacıbəyov küçəsində, 28 may küçəsində, Ağa Nemətulla küçəsində hər iki istiqamətdə, Abbasqulu ağa Bakıxanov küçəsində, Abbasqulu ağa Bakıxanov küçəsindən Statistika Komitəsinin qarşısındakı dairə istiqamətində, Binəqədi şosesinin hər iki istiqamətində, Bakı-Sumqayıt şosesinin Sumqayıt istiqamətində analoji hal müşahidə olunur.