Главная » 2015 » yanvar » 11 » “Qarabağ” rəhbərliyi səhv etdiyini başa düşdü”
12:20
“Qarabağ” rəhbərliyi səhv etdiyini başa düşdü”
“Yaxşı oyun keçdi. Güclü komandaya qarşı mübarizə apardıq. Bizim futbolçular həvəskardı, bu səbəbdən yaxşı klub yaratmağa çalışırıq. “Xəzər Lənkəran” isə Azərbaycanın tanınmış komandalarından biridi. Düzdü, rəqibin indiki heyəti gəncdi. Buna baxmayaraq, bu qarşılaşma bizim üçün yaxşı təcrübə oldu. Görüş “Fair Play” qaydaları çərçivəsində keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın Antalyada keçirdiyi ilk yoxlama matçındakı rəqibi olan “Tekirdağspor” klubunun baş məşqçisi Tevfik Sayğılı deyib.
2:2 hesabı ilə başa çatan oyunda “Tekirdağspor” qələbəni son anda əldən verdi. 89-cu dəqiqədə qapılarına təyin olunan penalti zərbəsini gülüşlə qarşılayan Sayğılı nəticəyə görə narahat olmadığını söyləyib: “Yoldaşlıq matçında qol da olar, penalti də. Əsas olan isə qol epizodları yaratmaqdı. Hakimlərin qərarını müzakirə etmək istəməzdim. Ötən il çalışdırdığım komanda ilə qış fasiləsində heç bir yoldaşlıq görüşündə qalib gələ bilmədik. Buna baxmayaraq, III dəstədə çempion olduq. Burada boşluqlarımızı aradan qaldırmağa çalışırıq. Hakimlər də səhvlərə yol verə bilər. Elə Superliqada da siz də bunun şahidi olursuz. Buna isə etiraz etməmək lazımdı”.
Sayğılı bildirib ki, Azərbaycanda çalışdığından “Xəzər Lənkəran” haqda məlumatlı imiş: “2006-cı ildə 6 ay “Qarabağ”da çalışmışam. Səfərdə “Xəzər Lənkəran”la oyun yadımdadı. Düzdü, həmin görüşün nəticəsini dəqiq xatırlamıram, səhv etmirəmsə, uduzmuşduq. O vaxtkı komanda indiki ilə müqayisədə çox güclü idi. “Qarabağ”dan niyə ayrıldım? Sadəcə, şərtlərlə razılaşmadıq. 2 il sonra məni yenidən Azərbaycana çağırdılar. Həmin vaxt Rauf Əliyevi, Əfran İsmayılovu və Maksim Medvedevi tapıb üzə çıxarmışdıq. Bu futbolçular əsas komandaya gətirildikdən sonra millidən də dəvət aldılar. Sonradan “Qarabağ” rəhbərliyi səhv etdiyini başa düşüb, bizə “səhvimizi bilirik, yenidən gəlin” dedilər. Amma alınmadı. Çünki uşaqlarımız məktəblərini dəyişdirmişdi. Ora yaxşı işlər görmək üçün getmişdik. 5 illik müqaviləmiz olsa da, bu, bizə qismət olmadı. Yenidən Azərbaycana qayıtmaq istərdik”.