Birinci Dünya Müharibəsinin 100 illiyinə həsr olunur
Birinci dünya savaşı zamanı əsgərlər döyüşdən kənar əsasən hansı kitabları, romanları, əsərləri oxuyurmuşlar? Bu yaxınlarda Fransada bu müdhiş “müharibə kitabxanası” haqda Müasir və Beynəlxalq Sənədli Əsərlər Kitabxanasının məsul işçisi, tarixçi Benjamən Jilin “Səngərlərdəki kitab və qəzetlər” adlı kitabı dərc olunub. Kitabdakı əsas məqamlar Fransanın həftəlik “le Nouvel Observateur” jurnalında dərc edilib. Kulis.azhəmin yazını jurnalist Fuad Qulubəylinin tərcüməsində oxuculara təqdim edir.
Əlbəttə, 1914-cü ilin payızı ədəbiyyatıyla deyil, daha çox ölümcül tarixiylə yadda qaldı. Dörd il yarım ərzində günə 800 adamın ölümüylə başa gəlmiş bu savaşda əsgərlərin nə oxuduqları haqda sorğulamaq elə də etik hərəkət olmazdı. Amma gənc bir tarixçi risk edib bu araşdırmanı aparıb və ortalığa olduqca ilginc bir iş çıxardıb. İlk növbədə, o, öz araşdırmasıyla bizi bu müharibəyə başqa gözlə baxmağa sövq edir. Fransız əsgərlərinin nəyi oxumalarından onların düşüncələrindəki müharibənin təkamülünü görmək mümkündür. Onların müharibədə pusquda gözləmə, qorxu və hücum kimi yaşadıqları vəziyyətlərə də həmçinin oxunmuş səhifələr arasında rast gəlmək olar.
Mütaliə ilə müharibənin biri-birinə heç cür uyğun gəlmədiyini fikirləşirsən. Əsgərlər də ilk olaraq yaxınlarına özləri haqda məlumat verməyə, onları sakitləşdirməyə çalışırdılar. Bunu bilən ticarətçilər isə cürbəcür reklamlar vasitəsi ilə öz cəlbedici qələmlərini, dəftərlərini və bloknotlarını heç bir seçimi olmadan yerlərində möhkəm dayanmış bu qeyri-adi müştərilərinə satmağa çalışırdılar.
Ancaq yaxınlarına sağ olduğu haqda məlumat verdikdən sonra əsgər dərhal məlumatlanmağa can atırdı. Səngərlərdə ilk oxunan da elə o vaxt bütün Fransa üzrə 10 milyon tirajlıq qəzetlər olurdu. Bu gün belə tiraj haqda ancaq xəyal etmək olar. Belə ki, birinci dünya savaşı ərəfəsində kitab və qəzetlər ölkənin mədəni məkanını zəbt etmişdi. Hələ heç vaxt bu qədər müxtəlif kitab və əsərlər belə çox sayda nəşr edilməmişdi, mətbuat belə çox yayımlanmamışdı.
Fransanın "Le Petit Parisien", "Le Matin", "Le Journal" və "LEcho de Paris" kimi gündəlik mətbu orqanlar mətbuat bazarını ələ almışdılar. 1915-ci ildə senzuraya - biz düşündüyümüz kimi elə də kəskin olmayan - və yalan təbliğata qarşı çıxan "Le Canard enchaîné" (Fransada həftəlik dərc olunan məşhur satirik qəzet) işıq üzü gördü və bu dərgi başqalarının deyə bilmədiyini yenə də göstərə, çatdıra bilirdi.
Ən çox çatışmayan kitablar idi
Daha sonra sırada romanlar gəlirdi. 1870-ci il savaşı zaman baş verənlərin və Sedan məğlubiyyəti haqda deyilənlərin bir daha təkrar edilməyəcəyinə əmin olmaq üçün əsgərlər yenə də Emil Zolyanın "Darmadağın" əsərini oxuyurdular. Tarixçi Benjamen Jilin sözlərincə, o vaxt əhalinin savadsızlıq səviyyəsi bugünkündən ikiqat çox idi. Ona görə də əsgərlər çox oxuyurdular. Arada bunu, həmçinin sonu görünməyən hərb aləmini ələ salmaq üçün də edirdilər. BunuLüsyen Deskavın "Çavuşlar" (hərbi roman) əsərinin əsgərlər arasında böyük uğur qazanmasından da anlamaq olar.